CƏMİYYƏT
Ali Məhkəmə növbəti Könüllülük Proqramına başlayıb

Bakı, 2 iyun, AZƏRTAC
Cari ilin iyun ayından etibarən Azərbaycan Respublikası Ali Məhkəməsində könüllülük fəaliyyəti göstərmək istəyən tələbələrin qeydiyyatına başlanılıb.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, könüllülük proqramı çərçivəsində hüquqşünaslıq ixtisası üzrə təhsil alan 20 tələbə məhkəmənin Aparatında 3 ay müddətində könüllü kimi fəaliyyət göstərmək şansı əldə edəcək.
Könüllülərlə birgə əməkdaşlıq Ali Məhkəmənin gənclər siyasəti sahəsində həyata keçirdiyi tədbir və layihələrin, eləcə də təqdim edilən dövlət xidmətlərinin tərkib hissəsidir. Proqrama qoşulmaq istəyən tələbələr Ali Məhkəmənin internet səhifəsində könüllülər üçün yaradılmış bölmədə iyunun 16-dək qeydiyyatdan keçməlidirlər.
Könüllülər yüksək akademik göstəriciləri olan ən yaxşı motivasiya məktubu (min: 200, max: 400 söz) təqdim edən namizədlər arasından seçiləcəklər.
Seçilmiş namizədlər daha sonra müsahibəyə dəvət ediləcəklər.