CƏMİYYƏT


Ali Məhkəmədə 10-cu milli məhkəmə müsabiqəsinin final mərhələsi keçirilib

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan Respublikasının Ali Məhkəməsində Vəkillər Kollegiyasının və Avropa Hüquqşünas Tələbələri Assosiasiyasının (ELSA-Azərbaycan) birgə təşkilatçılığı ilə milli məhkəmə müsabiqəsinin X buraxılışının final mərhələsi keçirilib.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov belə müsabiqələrin təşkilində, gənclərin dərin bilik və təcrübələr əldə etməsində Vəkillər Kollegiyasının fəaliyyətinin təqdirəlayiq olduğunu vurğulayıb. O, Ali Məhkəmənin bu sahədəki fəaliyyətindən söz açıb və ölkədə gənclərin inkişafı sahəsində görülən işlər barədə məlumat verib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov müsabiqənin təşkilinə göstərdiyi dəstəyə görə Ali Məhkəmənin rəhbərliyinə təşəkkürünü bildirib, Kollegiyanın gənc hüquqşünasların vəkilliyə marağının artırılmasında önəmini vurğulayıb. ELSA ilə bir neçə ildir davam edən əməkdaşlıqdan, “ProDemos – Xalq üçün” birgə layihəsindən bəhs edən A.Bağırov belə faydalı tədbirlərin bundan sonra da mütəmadi qaydada birgə təşkili barədə fikirlərini bölüşüb.

Müsabiqənin final mərhələsinə haqq qazanan Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbələrindən ibarət “Salvatores” və “Lawspective” komandaları mülki iş üzrə prosesdə çəkişiblər. Proses tərəflərinin çıxışları Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri Elşanə Vəliyeva, Aqil Abbasov və Elşad Şamayev tərəfindən qiymətləndirilib.

Tədbirin sonunda final mərhələsində iştirak edən hər iki komandanın üzvlərinə Çingiz Əsgərov və Anar Bağırov tərəfindən sertifikat və xüsusi hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.