CƏMİYYƏT


Ali Məhkəmədə Mediasiya Şurasının idarə heyətinin və aidiyyəti struktur qurumlarının üzvləri ilə müzakirələr aparılıb

Bakı, 29 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Ali Məhkəməsində Mediasiya Şurasının idarə heyətinin üzvləri və aidiyyəti struktur qurumlarının üzvləri ilə müzakirələr aparılıb.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda “Mediasiya haqqında” qanunun tətbiqindən irəli gələn və məhkəmələrdə mediasiya fəaliyyəti ilə bağlı yaranmış aktual məsələlər müzakirə olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev Mediasiya Şurasının yaradılmasının və mediasiya fəaliyyətinin məhkəmə-hüquq sisteminin inkişafında əhəmiyyətli mərhələ kimi qiymətləndirib. O, Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanına uyğun olaraq həyata keçirilən məhkəmə-hüquq islahatlarının yeni mərhələsinin əsas məqsədinin müasir dövrün tələblərinə cavab verən hüquq sisteminin inkişafı olduğunu bildirib. Qeyd edib ki, müzakirənin keçirilməsində əsas məqsəd mediatorlar, vətəndaşlar və məhkəmələr üçün mediasiya fəaliyyətindən irəli gələn ümumi maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparmaq, mövcud problemlərin həlli ilə bağlı təcrübələri və problemlərin həllinə yönəlmiş təklifləri paylaşmaqdır.

Mediasiya Şurasının idarə heyətinin sədri Nadir Adilov mediatorların və mediasiya fəaliyyətinin təmin edilməsi və inkişafına dəstəyə görə Ali Məhkəmənin rəhbərliyinə minnətdarlığını bildirərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar sistemində insan hüquqlarının müdafiəsi məsələlərinin mühüm yer tutduğunu və ölkəmizdə insan hüquqlarının müdafiəsinə hər zaman xüsusi diqqət göstərildiyini qeyd edib. N.Adilov Mediasiya Şurasının fəaliyyəti ilə bağlı statistik məlumatları və analitik hesabatları iclas iştirakçılarının diqqətinə çatdırıb, mediasiya qurumlarına edilən müraciətlərin hansı kateqoriya mübahisələr olması barədə ətraflı məlumat verib.

Ali Məhkəmənin Kommersiya Kollegiyasının sədri Kəmalə Abiyeva kommersiya mübahisələri üzrə mediatorların və mediasiya fəaliyyətinin əhəmiyyətini qeyd edərək, Mediasiya Şurasının qısa vaxtda gördüyü işləri yüksək qiymətləndirib.

İclasda iştirak edən Ali Məhkəmənin hakimləri Abiddin Hüseynov, İsmayıl Xəlilov, İlqar Dadaşov, Bəhman Qəribov, Ali Məhkəmənin Aparat rəhbəri Elvin Hətəmzadə və Mediasiya Şurasının digər nümayəndələri də çıxışlarında mediasiya fəaliyyəti ilə bağlı mübahisəli məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.