CƏMİYYƏT
Ali Məhkəmənin Cinayət kollegiyasının sədri bölgələrdə vətəndaşları qəbul edib
Bakı, 6 sentyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıq və tövsiyələri daim diqqət mərkəzində saxlanılır.
Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq sentyabrın 6-da Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Şahin Yusifov Qazax Rayon Məhkəməsinin binasında vətəndaşların qəbulunu keçirib.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb. Bəzi müraciətlər üzrə isə Ali Məhkəmənin aparatının qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Müraciətlərin əksəriyyəti məhkəmələrin fəaliyyəti ilə bağlı olub.
Vətəndaşlar onların əlverişli şəraitdə qəbulundan və müraciətlərinə həssaslıqla yanaşılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.