CƏMİYYƏT
Ali Məhkəmənin Plenumunda respublika məhkəmələrinə yeni təyin olunan hüquqşünaslar and içiblər
Bakı, 24 dekabr, AZƏRTAC
Dekabrın 24-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Plenumun iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında” 2018-ci il 21 dekabr tarixli Sərəncamına əsasən, respublika məhkəmələrinə yeni təyin olunan hüquqşünasların andiçməsi olub.
İclas Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Plenumun iclasını açan Ali Məhkəmənin sədri Ramiz Rzayev hakimlərin andiçməsinin əlamətdar günə - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum gününə təsadüf etməsindən məmnunluğunu bildirib, Vətənimizin tərəqqisi, xalqımızın xoşbəxtliyi naminə dövlətimizin başçısına cansağlığı və uğurlar arzulayıb.
R.Rzayev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ictimai-siyasi həyatında baş verən inkişaf, məhkəmə-hüquq islahatları çərçivəsində ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə sistemində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və elektron idarəetmənin həyata keçirilməsi üzrə ardıcıl tədbirlər bütövlükdə məhkəmə sisteminin fəaliyyətinə müsbət təsir göstərib. Respublikamızda məhkəmə-hüquq sisteminin inkişafı ilə əlaqədar həyata keçirilən mühüm tədbirlərin tərkib hissəsi olan yeni hakimlər korpusunun yaradılması sahəsində hüquqi-təşkilati işlər uğurla həyata keçirilir. Ədalət mühakiməsinin səmərəliliyinin artırılması, o cümlədən hakimlərin iş yükünün azaldılması və işlərə daha keyfiyyətli baxılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə hakim ştatlarının sayı növbəti dəfə artırılıb. Bununla əlaqədar hakimliyə namizədlərin seçilməsi prosesi aparılıb. Çoxmərhələli, şəffaf və beynəlxalq standartlara uyğun seçim prosedurunda, o cümlədən test üsulu ilə, habelə, yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 108 nəfər hakimliyə namizəd bir illik tədris kursunu, məhkəmələrdə stajkeçməni və digər mərhələləri uğurla başa vurub.
Plenumda hakimliyə namizədlərin yüksək bilik və peşə vərdişi nümayiş etdirərək hakim vəzifələrinə təyin olunmaq üçün layiq bilindikləri vurğulanıb. Diqqətə çatdırılıb ki, şəffaf və çoxmərhələli seçim prosedurunu uğurla başa vurmuş hüquqşünaslar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında” 2018-ci il 21 dekabr tarixli Sərəncamına əsasən, bir sıra birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunublar.
Plenumun iclasında respublika məhkəmələrinə yeni təyin olunmuş 108 hakim “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasən, ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz və ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına və yüksək hakim adına hörmət ruhunda davranacağına and içib.
İclasa yekun vuran Ali Məhkəmənin sədri respublika məhkəmələrinə yeni təyin olunan hüquqşünasların andiçməsinin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə və dövlətimizin başçısının doğum gününə təsadüf etməsinin onların yaddaşında əlamətdar hadisə kimi qalacağına əminliyini bildirib. R.Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə məhkəmə-hüquq sahəsində ən müasir yeniliklərin və informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə başlanıldığını və bu prosesin qısa müddətdə başa çatdırılacağını vurğulayıb. Buna görə də hakimlərin yeni sistemdən tam şəkildə istifadə edə bilmək üçün informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarına və bacarıqlarına yiyələnmələrinin vacibliyini vurğulayan R.Rzayev onlara tövsiyələrini bildirib.