CƏMİYYƏT
Ali Məhkəmənin Plenumunda vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının vacibliyi müzakirə edilib
Bakı, 19 sentyabr, AZƏRTAC
Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ali Məhkəmənin sədri iclası açaraq ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün sosial-iqtisadi və digər sahələrdə həyata keçirilən islahatların məhkəmə-hüquq sisteminin inkişafında da yeni mərhələnin başlanmasını və bu sahədə davam edən islahatların dərinləşməsini zəruri etdiyini vurğulayıb. Qeyd edilib ki, xüsusilə Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı dövlətimizin başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir. Əslində bu Fərman məhkəmə-hüquq sistemində islahatların dərinləşməsini, yeni mərhələdə müasir tələblərə uyğun və sistemli davam etdirilməsini şərtləndirməklə məhkəmə sisteminin gələcək inkişafı üçün strateji prioritetləri müəyyənləşdirən “yol xəritəsi”dir.
Bildirilib ki, Fərmanda qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə ötən dövrdə müvafiq tədbirlər həyata keçirilib. Bu tədbirlər sırasına qanunvericiliyə məhkəmə icraatının həyata keçirilməsi qaydalarının daha da təkmilləşdirilməsinə yönəlmiş geniş həcmli əlavə və dəyişikliklər də daxıldir. Aparılan islahatlar çərçivəsində qanunvericiliyə edilmiş bu əlavə və dəyişikliklər əsasında inzibati-iqtisadi məhkəmələrin əvəzinə ayrıca inzibati və kommersiya məhkəmələri yaradılıb. Habelə işlərin məhkəmə aidiyyətinin, yəni ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə, eləcə də məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının yeni qaydaları müəyyənləşdirilib.
Plenumun iclasında diqqətə çatdırılıb ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün həm hüquq normaları birmənalı və aydın olmalıdır, həm də, xüsusilə, məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir.
Bu sahədə hüquqi müəyyənliyin təmin edilməsi məqsədilə vahid məhkəmə təcrübəsinin yaradılmasının vacibliyi məhkəmələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin tətbiqi üzrə əsaslandırılmış izahın verilməsi zərurətini üzə çıxarıb. Bu baxımdan hazırlanmış “İşlərin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Ali Məhkəmənin Plenumunun Qərar layihəsi geniş müzakirə olunub və təhlillər aparılaraq, müvafiq qərar qəbul olunub.
İclasda çıxış edənlər vahid məhkəmə təcrübəsinin formalaşdırılması və məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini təmin etmək, eləcə də hüququn və onun tətbiqi təcrübəsinin inkişaf etdirilməsinə nail olmaq məqsədilə yeni yaradılmış məhkəmə fəaliyyətinin monitorinqi institutunun əhəmiyyətini vurğulayaraq, onun tətbiqinə başlanılması ilə bağlı təklifləri müzakirə ediblər.
Müzakirələrin nəticəsi olaraq “İşlərin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Ali Məhkəmənin Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının və “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 2011-ci il 28 noyabr tarixli (2020-ci il fevralın 20-də edilmiş dəyişikliklərlə) Qərarının icrası üzrə məhkəmə fəaliyyətinin monitorinqi planları təsdiqlənib.
Plenumun iclasında konkret işlərə də baxılıb.