SİYASƏT
Ali Məhkəmənin hakimləri və əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna pul köçürüblər
Bakı, 1 oktyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycana qarşı növbəti planlaşdırılmış təxribatına cavab olaraq qüdrətli ordumuz bütün cəbhəboyu uğurlu əks-hücum əməliyyatları həyata keçirir və düşmənə sarsıdıcı zərbələr endirir.
Bu gün müstəqil Azərbaycan dövləti güclü orduya sahibdir və Azərbaycan Ordusu dünyanın ən güclü orduları ilə bir sırada öz layiqli yerini tutub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordunun maddi-texniki təchizatı möhkəmləndirilmiş, müasir silah və texnikalarla təminatı yüksəldilmişdir.
Hərbi vəzifəlilərin, onları yola salan valideyn və yaxınlarının ruh yüksəkliyi, vətəndaşlarımızın kütləvi könüllü olaraq orduya yazılması bir daha onu göstərir ki, xalqımız işğal altındakı ərazilərimizi düşməndən azad etmək üçün ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlardan qürur duyur və qətiyyətli dəstək verir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri və əməkdaşları vətəndaş fəallığı və orduya dəstəklərini nümayiş etdirərək mütəmadi olaraq əməkhaqlarının bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürürlər.
Cəmiyyətimizdə mövcud olan milli həmrəylikdən və ordumuzun cəhbəboyu apardığı uğurlu əməliyyatlarından ruhlanan Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri və əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna 120 min manat məbləğində pul vəsaiti köçürüb.