CƏMİYYƏT
Ali Məhkəmənin yeni formatda hazırlanmış illik hesabatları internet səhifəsində yerləşdirilib
Bakı, 4 mart, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanında müəyyənləşdirilmiş istiqamətlər üzrə məhkəmə-hüquq sistemində islahatlar davam edir.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Fərmanın icrası ilə bağlı Ali Məhkəmədə də işlərə baxılması, məhkəmə fəaliyyətinin təşkil edilməsi, məlumatların toplanılması və təhlili sahələrində bir çox tədbirlər həyata keçirilir.
Ali Məhkəmənin 2021-ci il fevralın 19-da keçirilmiş Plenumunda bu tədbirlər barədə ətraflı məlumatlar dinlənilib, geniş müzakirələr aparılıb.
Plenumda Mülki, Kommersiya, İnzibati, Cinayət kollegiyalarının sədrləri 2020-ci ildə görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış ediblər. Yeni formatda hazırlanmış həmin hesabatlarda interaktiv statistik məlumatlar əksini tapıb. Xüsusilə ayrı-ayrı kollegiyaların fəaliyyət dinamikasının diaqramlardan və qrafiklərdən istifadə edilərək təqdim olunması il ərzində görülən işlər barədə dolğun təsəvvür yaradır.
Ali Məhkəmənin kollegiyalarının 2020-ci il üzrə yeni formatda hazırlanmış geniş hesabatları Ali Məhkəmənin internet səhifəsində (http://supremecourt.gov.az/static/view/310) yerləşdirilib.