CƏMİYYƏT


Əli Nağıyev: Hər bir məsuliyyətsiz davranış özünün və ətrafdakıların həyatını riskə atmaq deməkdir

Bakı, 31 mart, AZƏRTAC 

Təəssüf ki, hər gün dünyada qlobal bəlaya çevrilən koronavirus infeksiyasına yoluxma və ölüm hallarının sayı artır. Dünya ölkələri pandemiyanın qarşısını almaq üçün müxtəlif tədbirlər görür, bəziləri sərt qaydalar tətbiq edirlər. Əfsuslar olsun ki, koronavirus ölkəmizdən də yan keçməyib. Azərbaycanda da xəstəliyə yoluxma halları var və xəstələrin sayı getdikcə artır. Bununla yanaşı, ölkə daxilində də yoluxma hallarında artım qeydə alınır. Ölkəmizdə xəstəliklə mübarizədə sərt tədbirlər görülsə də, bəzi vətəndaşlar hələ də məsuliyyətsiz davranırlar. Xəbərdarlıqlara məhəl qoymur, “mən yoluxmaram” deyib həm özlərinin həm də ətrafdakıların həyatını risk altına atırlar. Bu gündən tətbiq edilən qaydalara görə vətəndaşların evlərində, mənzillərində qalması tələb olunur, yalnız müəyyən hallarda evdən çıxmağa icazə verilir. Çünki hər evdənçıxma, kənar şəxslərlə təmas infeksiyaya yoluxmaya və hətta ölümə səbəb ola bilər.

Bu sözləri AZƏRTAC-a müsahibəsində tanınmış həkim-psixoterapevt Əli Nağıyev deyib.

“Vətəndaşlara bir daha səslənirəm, etinasız davranmasınlar. Qaydalara əməl etsinlər, çünki hər bir qayda pozuntusu, məsuliyyətsiz davranış xəstələnmək, özünün, yaxınlarının və ətrafdakıların həyatını riskə atmaq deməkdir. Özləri ilə bərabər, sevdiklərini də düşünsünlər. Əsla təşvişə düşməyə, psixoloji gərginlik keçirməyə ehtiyac yoxdur. Karantin rejiminə əməl etməklə, evdə vaxt keçirməklə təkcə özlərinin deyil, yaxınlarının da həyatını xilas edə bilərlər. Hər kəsi pozitiv olmağa, evdə ailələri ilə birgə vaxt keçirməyə, mütaliəyə vaxt ayırmağa və ən əsası evdə qalaraq ölkəmizdə həyata keçirilən mübarizə tədbirlərinə töhfə verməyə, yorulmadan gecə-gündüz çalışan həkimlərə dəstək olmağa səsləyirəm. Çünki biz birlikdə güclüyük. Qorxmayaq, lakin məsuliyyətli olaq. Özümüz qorxmasaq da vəziyyətin ciddiliyini nəzərə alaraq yaxınlarımızı düşünək!”, - deyə Ə.Nağıyev diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.