SİYASƏT
Ali Radanın deputatı: Azərbaycan Ukrayna üçün etibarlı dost olub, indi də belədir, gələcəkdə də belə olacaq
Kiyev, 9 dekabr, AZƏRTAC
Azərbaycan Ukrayna üçün etibarlı dost olub, indi də belədir, gələcəkdə də belə olacaq. Mən əminəm ki, bu, bizim böyük dostluğumuzun hələ başlanğıcıdır. Hələ çoxlu planlarımız və layihələrimiz var.
Bu barədə AZƏRTAC-a müsahibəsində Ukrayna Ali Radasının deputatı Lyudmila Marçenko 2020-ci ilin yekunlarını şərh edərkən deyib.
Deputat hesab edir ki, bizim ölkələr turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensiala və imkanlara malikdirlər.
L.Marçenko deyib: “Ən başlıcası odur ki, Ukrayna Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü həmişə və qeyd-şərtsiz dəstəkləyir. Bu, Ukrayna üçün başlıca prinsipdir.
Ukrayna və Azərbaycan regional və qlobal səviyyələrdə bir çox məsələlərdə yaxın mövqelər nümayiş etdirir. Biz artıq qaz tədarükü, biznesin idarə edilməsi şərtləri, beynəlxalq daşımalar sahəsində, məlumatın qorunması barədə bir sıra razılaşmalar əldə etmişik”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev