ELM VƏ TƏHSİL
Ali məktəb kitabxanalarında elektron informasiya xidmətlərinin təşkilinə dair müzakirə aparılıb
Bakı, 3 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə ali məktəb kitabxanalarında elektron informasiya xidmətlərinin təşkilinə dair müzakirələr aparılıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, BDU-nun Kitabxanaşünaslıq kafedrasının müəllimi Sevda Məmmədova məruzə ilə çıxış edib. Məruzədə qlobal informasiya mühitinin yaratdığı şəraitdə ali məktəb kitabxanalarının müasir modelinin tələblərindən bəhs edilib. Vurğulanıb ki, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, rəqəmsal məzmunlu informasiyaların inkişaf tendensiyasının günü-gündən artdığı çağdaş dövrdə ali məktəb kitabxanalarında oxuculara elektron informasiya xidmətlərinin göstərilməsi mühüm əhəmiyyət kəsb edir. Araşdırmada müasir dövrdə ali məktəb kitabxanalarının elektron sənəd-informasiya təminatı və bütünlükdə informasiya massivinin prioritet istiqamətləri təhlilə cəlb olunub.
Eyni zamanda, modern ali məktəb kitabxanalarının modeli, strukturu, potensial imkanları və hədəfləri barədə məlumatlar diqqətə çatdırılıb.