REGİONLAR


Ali məktəblərdə qış semestri imtahanlarını uğurla başa vurmuş Masallıdan olan tələbə qızlarla görüş keçirilib

Masallı, 14 fevral, Bağır Əliyev, AZƏRTAC

Masallı Rayon İcra Hakimiyyətinin və Masallı Təhsil Fondunun birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində ali məktəblərdə qış semestri imtahanlarını uğurla başa vurmuş tələbə qızların bir qrupu ilə görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov qış semestri imtahanlarını uğurla başa vuran tələbə qızları təbrik edərək bildirib ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Ulu öndər Heydər Əliyevin milli təhsil quruculuğu sahəsində başladığı islahatların bu gün böyük rəhbərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan icra başçısı qeyd edib ki, bütün sahələrdə olduğu kimi, təhsil sektorunda da gənclərimiz, xüsusilə qızlar öz uğurları ilə bizi sevindirir. Təhsil alan qızların təhsil haqqı ödənişi və təqaüdünün verilməsindəki uğurlu iş Masallı Təhsil Fondunun apardığı məqsədyönlü fəaliyyət sayəsində həyata keçirilir.

Tələbə qızlarla görüşdə çıxış edən Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva və başqaları qızlara tələbə həyatında, növbəti semestr imtahanlarında uğurlar diləyib, Masallının adını daim uca tutmağı arzulayıblar.

Masallı Təhsil Fondunun fəaliyyəti haqqında danışan Hüseyn Hüseynov bildirib ki, iki ildir fəaliyyət göstərən Fond tərəfindən 110 qıza təqaüd verilib və onların təhsil haqları ödənilib. Belə ki, 50 tələbənin təhsil haqqı ödənilib, 60 tələbə qıza isə təqaüd verilib. İki şəhid övladının hər birinə 200 manat dəyərində təqaüd ayrılıb.

Görüşdə çıxış edən tələbə qızlar ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.