REGİONLAR
Ali məktəblərə qəbul imtahanında 700 bal toplayan Xaçmaz məktəblisi VİDEO
Xaçmaz, 16 may, Elxan Yusifli, AZƏRTAC
Sınaq imtahanlarında daim iştirak edirdim. Həmişə 660-690 arası bal toplayırdım. Apreldə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi sınaq imtahanlarında isə 700 ballıq nəticə göstərdim. Amma qəbul imtahanlarında bunu bacaracağımı əvvəlcədən proqnozlaşdıra bilməzdim. Valideynlərimə yüksək nəticə göstərəcəyimə söz vermişdim. Nəticədə qəbul imtahanları da çox uğurlu keçdi və II qrup üzrə 700 bal toplayan iki abituriyentdən biri mən oldum.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində ali təhsil müəssisələrinə qəbul imtahanlarında ikinci ixtisas qrupu üzrə maksimum nəticə göstərən Xaçmaz məktəblisi Jalə Rəcəbova bildirib.
J.Rəcəbova Xaçmaz şəhər akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin XI sinfində oxuyur. O, bilik və davranışı ilə məktəb kollektivinin sevimlisinə çevrilməyi bacarıb. Coğrafiya fənni üzrə respublika fənn olimpiadalarının qalibi adını qazanan Jalə dəfələrlə müxtəlif müsabiqələrdə o cümlədən “Mən Azərbaycanlıyam” milli intellektual oyununda uğurla çıxış edib.
Ailənin sonbeşiyi olan Jalənin iki bacısı var. Onlardan biri dil-ədəbiyyat müəllimi, digəri tibb işçisidir. Jalə seçəcəyi universiteti hələ tam müəyyənləşdirməsə də, təhsilini maliyyə ixtisası üzrə davam etdirmək istəyir.
“700 bal topladığımı eşidəndə çox sevindim. Amma bunu o qədər də büruzə vermədim. Anamın, atamın, bacılarımın sevincini görəndə isə qürurlandım. Olduqca xoş bir hissdir. Düşünürəm ki, həmyaşıdlarım, məktəbimizin digər şagirdləri də bu nəticədən həvəslənəcək”, - deyə məktəbli bildirib.
J.Rəcəbova ABŞ-da təşkil olunan Qafqaz Gənc Liderlər proqramının iştirakçısı olub, İndiana Universitetində biznes və sahibkarlıq dərsləri alıb, proqramı Gürcüstanda müvəffəqiyyətlə bitirərək xüsusi sertifikata yiyələnib.
İmtahanda maksimum bal toplayan Jalə hesab edir ki, yüksək nəticə üçün şagirdlər özlərinə müəyyən sahələrdə məhdudiyyətlər qoymağı bacarmalıdırlar. “Məsələn, mən sosial şəbəkələrin fəal istifadəçisiyəm. Amma imtahan ərəfəsində, son iki ayda sosial şəbəkələrdən uzaqlaşdım. Bütün diqqətimi imtahana hazırlığa yönəltdim. Böyük uğur qazanmaq üçün bəzi əyləncələrdən imtina etmək mütləqdir”, - deyə məktəbli söyləyib.
Məktəb-liseyin direktoru Nurcahan Abasova Jalənin uğuruna bütün kollektivin ürəkdən sevindiyini bildirib. O deyib: “Məktəbimizin yaradılmasının 10 illiyini qeyd etdiyimiz bir vaxtda Jalənin uğuru bizi ikiqat sevindirdi. Bu, Xaçmaz və ümumilikdə ölkə təhsilinin uğurudur. Sevinirik ki, gələcəyimiz etibarlı əllərdə olacaq”.
Qeyd edək ki, DİM-in 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün ikinci və üçüncü ixtisas qrupları üzrə mayın 13-də keçirdiyi imtahanlarda 7 nəfər 700 bal toplayıb.