REGİONLAR


Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan Qubadlı gəncləri mükafatlandırılıb

Sumqayıt, 26 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt şəhərində yerləşən Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan tələbə adını qazanmış məzunlarla görüş keçirilib. Görüşdə rayon icra hakimiyyətinin və rayon təhsil şöbəsinin nümayəndələri, həmçinin məzunlar iştirak edib. Tədbir karantin rejiminin qaydalarına uyğun şəkildə reallaşıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə ulu öndər Heydər Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışılıb, bu istiqamətdə görülən işlər diqqətə çatdırılıb.

Bildirilib ki, COVID-19 pandemiyasına baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf prinsiplərinin əsas təminatı kimi təhsil və tədrisin yeni şəraitə uyğun şəkildə təşkil olunması istiqamətində atılan addımlar öz bəhrəsini verməkdədir.

Çıxışlarda qeyd edilib ki, dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində ümumtəhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülür və ölkəmizdə gənclərə geniş imkanlar yaradılır. Prezidentin təhsilin inkişafına verdiyi önəmin nəticəsidir ki, son illərdə müasir məktəb binaları tikilir, mövcud müəssisələr üçün yeni tədris korpusları inşa olunur.

Bu gün Qubadlı rayonunda da bu işlər uğurla davam etdirilir. Rayonda 32 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Onlardan 18-i yeni tikilib, 14-ü əsaslı təmir olunub. Eyni zamanda, 2018/2019-cu tədris ilində Abşeron rayonu “St. Sumqayıt” ərazisində yerləşən Qubadlı rayon Hal, Dəmirçilər kənd tam orta və şəhər 4 saylı tam orta məktəbləri yeni binalarda fəaliyyətə başlayıb, 2019-2020-ci tədris ilində isə Sumqayıt şəhər 12-ci mikrorayon ərazisində məcburi köçkünlər üçün tikilmiş şəhərcikdə Kavdadıq və Əliquluuşağı kənd tam orta məktəbləri üçün inşa olunan yeni bina şagird və müəllim kollektivinin istifadəsinə verilib.

Cari ildə 554 məzundan 495 nəfəri, yəni 89,3 faizi ali məktəblərə sənəd verib və onlardan 360-ı qəbul olub. Qəbul imtahanlarında iştirak edən 49 məzun 500-600 arası, 22 məzun isə 600-700 arası bal toplayıb. Rayon üzrə bu il qəbul faizi 73 faiz təşkil edib. Bütün bunlar ölkəmizdə həyata keçirilən uğurlu təhsil siyasətinin nəticəsidir.

Tədbirdə çıxış edən tələbə adını qazanan rayon məktəblərinin məzunları göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirib.

Sonda yüksək bal toplamış gənclərə mükafatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.