ELM VƏ TƏHSİL
Ali məktəblərə və kolleclərə ərizə verən abituriyentlərin sayı açıqlandı
Bakı, 9 iyun, AZƏRTAC
2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin mayın 26-dan başlanan ərizə qəbulu bu gün başa çatıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, ərizə verən abituriyentlərin sayı 85954-dür. I-IV qrup üzrə 71179 abituriyent ərizə verib. Onlardan 64921-i Azərbaycan, 6258-i rus bölməsindəndir.
V qrup üzrə qeydiyyatdan keçənlərin sayı ümumilikdə 55808 nəfərdir, onlardan 51881-i Azərbaycan, 3927-si isə rus bölməsidir.
Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə indiyə qədər ərizə verən şagirdlərin sayı 60076 nəfərdir. Onlardan 57085 nəfəri Azərbaycan, 2989 nəfəri isə rus bölməsindən olan şagirdlərdir.