REGİONLAR
Ali məktəblərə yüksək balla qəbul olan füzulili gənclər mükafatlandırılıb
Füzuli, 10 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Bu il Füzuli rayonunun orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 502 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul olub. Gənclərdən 94 nəfəri 500-dən yuxarı, o cümlədən 34 nəfəri 600-dən çox bal toplayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu faktlar Füzuli rayonunda ali məktəblərə qəbul olmuş gənclərlə keçirilən görüşdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Horadiz şəhərindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Təhsil şöbəsinin müdiri Ramella Məmmədova tədbirdə çıxış edərək, təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən layihələrdən, əldə olunan uğurlardan danışıb. Diqqətə çatdırıb ki, imtahanlarda 54 nömrəli tam orta məktəbin məzunu Əlixan Qarayev 690 bal, 1 nömrəli tam orta məktəbin məzunu Əsnay Hicranlı 680 bal, 47 nömrəli tam orta məktəbin məzunu Fəridə Səfixanlı 677 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstəriblər. Rayonun ümumtəhsil məktəblərindən ən yüksək nəticəni isə 47, 48 və 1 nömrəli tam orta məktəblər göstərib. 47 nömrəli tam orta məktəbi bitirən 22 məzundan 21-i respublikanın müxtəlif ali məktəblərinə qəbul olub. 48 nömrəli tam orta məktəbi bitirən 20 nəfər, 1 nömrəli tam orta məktəbin isə 20 məzunu tələbə adını qazanıb.
Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev tələbə adını qazanan gəncləri təbrik edərək, onlara təhsildə və gələcək həyatda uğurlar diləyib, ölkəmizdə təhsil sahəsində əldə edilən uğurlardan, qazanılan nailiyyətlərdən danışıb. Bildirib ki, respublikamızın digər bölgələrində olduğu kimi, Füzuli rayonunda da təhsilin inkişafı istiqamətində mühüm işlər görülür. Təhsilə göstərilən xüsusi diqqət və qayğının nəticəsidir ki, rayon üzrə ali məktəblərə daxil olanların, o cümlədən 600-dən yüksək bal toplayanların sayı ildən-ilə artır.
Çıxış edən gənclər və onların müəllimləri tədbirin təşkilinə görə minnətdarlıqlarını bildirib, öz sevinclərini bölüşüblər.
Sonra ali məktəblərə qəbul olan gənclərə hədiyyələr təqdim edilib. Maraqlı konsert proqramı tədbir iştirakçılarında xoş ovqat yaradıb.