REGİONLAR
Ali məktəblərə yüksək balla qəbul olan füzulili gənclər mükafatlandırılıb
Füzuli, 9 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Füzuli rayonunda bu il respublikanın ali məktəblərinə qəbul olan gənclərlə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Horadiz şəhərindəki abidəsi önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər.
Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev tələbə adını qazanan gəncləri təbrik edərək, onlara təhsildə və gələcək həyatda uğurlar diləyib, ölkəmizdə təhsil sahəsində qazanılan nailiyyətlərdən danışıb. Bildirib ki, respublikamızın digər bölgələrində olduğu kimi, Füzuli rayonunda da təhsilin inkişafı istiqamətində mühüm işlər görülür. Təhsilə göstərilən xüsusi diqqət və qayğının nəticəsidir ki, rayon üzrə ali məktəblərə qəbul olanların sayı ildən-ilə artır.
Təhsil şöbəsinin müdiri Ramella Məmmədova rayonda təhsilin vəziyyəti, qəbul imtahanları zamanı əldə olunan göstəricilər barədə ətraflı məlumat verib. Bildirib ki, bu il Füzuli rayonunun orta ümumtəhsil məktəblərini bitirən 1040 məzundan 726 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün sənəd verib, onlardan 454 nəfəri respublikanın müxtəlif ali məktəblərinə, 156 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olub. Tələbə adını qazanan gənclərdən 50 nəfəri 500-dən, 15 nəfəri isə 600-dən çox bal toplayıb. Rayonun ümumtəhsil məktəblərindən ən yüksək nəticəni 47, 48, 33, 9 və Böyük Bəhmənli kənd 2 nömrəli tam orta məktəblərinin məzunları göstəriblər.
Görüşdə qəbul imtahanlarında yüksək bal toplayan gənclər, onların müəllim və valideynləri çıxış edərək, ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Tələbələr müəllim və valideynlərinin etimadını doğruldacaqlarına, bilik və elmlərə əzmlə yiyələnərək ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.
Sonda qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanan gənclərə hədiyyələr verilib.