REGİONLAR
Ali məktəblərə yüksək balla qəbul olan laçınlı məzunlar mükafatlandırılıblar
Ağcabədi, 18 sentyabr, AZƏRTAC
Bu il Laçın rayonunun ümumtəhsil məktəblərini bitirən 939 məzundan 744 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak edib, onlardan 472 nəfəri tələbə adını qazanıb. Məzunlardan 92 nəfəri 500-dən, o cümlədən 29 nəfəri 600-dən yuxarı bal toplayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın Rayon İcra Hakimiyyətində ali məktəblərə keçirilən qəbul imtahanlarında 600-dən yüksək bal toplamış gənclərlə görüş keçirilib. Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tələbə adını qazanan gəncləri təbrik edərək, onlara uğurlar diləyib, yüksək bilikli mütəxəssis kimi yetişmək üçün yaxşı oxumağı və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə edib.
Görüşdə çıxış edən gənclər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, müəllim və valideynlərinin etimadını doğruldacaqlarına, bilik və elmlərə əzmlə yiyələnərək ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.
Sonda ali məktəblərə yüksək balla qəbul olan gənclərə rayon icra hakimiyyətinin fəxri fərmanı və hədiyyələr verilib.