REGİONLAR
Ali məktəblərə yüksək balla qəbul olunan sumqayıtlı məzunlara hədiyyələr təqdim edilib
Sumqayıt, 16 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda ali məktəblərə yüksək nəticələrlə daxil olan məzunlarla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə iştirak edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov gəncləri əldə etdikləri uğurlar münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb, gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb.
Çıxışlarda son illər ölkəmizdə dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışılıb, bu sahənin dövlət başçısı tərəfindən daim diqqət mərkəzində saxlanıldığı vurğulanıb.
Qeyd edilib ki, ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür, yeni məktəb binaları, əlavə tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır. Sumqayıt şəhərində təhsil infrastrukturunun yaradılması istiqamətində də mühüm işlər görülüb. Yeni təhsil müəssisələri tikilərək istifadəyə verilib, eyni zamanda mövcud təhsil müəssisələrində əsaslı təmir işləri aparılıb. Bütün bunlar gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına lazımi şərait yaradır.
Bildirilib ki, 2020-2021-ci dərs ilində Sumqayıt şəhəri ümumtəhsil məktəblərinin XI siniflərini 2920 məzun başa vurub. Onlardan 2475 nəfəri ali məktəblərə sənəd verib. Qəbul imtahanlarında iştirak edən məzunların 1794 nəfəri, yəni abituriyentlərin 72 faizi ali məktəblərə qəbul olunub. Onlardan 150 nəfəri 600-dən çox bal toplayıb ki, bu da ötənilki göstəricidən 31 nəfər çoxdur. O cümlədən 650-dən çox bal toplayanların sayı 40 nəfər olub.
21 nömrəli məktəbin məzunu Quliyev Fuad Anar oğlu III ixtisas qrupunda ölkə üzrə ən yüksək nəticə – 680 bal toplayıb. 11 nömrəli məktəbin məzunu Şəfiyev Əbil Üzeyir oğlu isə I ixtisas qrupunda ölkə üzrə ən yüksək nəticə göstərərək 697 bal toplayıb. Təbiət elmləri təmayüllü gimnaziyanı, həmçinin Texniki və təbiət elmləri liseyini başa vurmuş bütün məzunlar ali məktəbə qəbul olunub və qəbul faizi 100 faiz təşkil edib.
Sonda ali məktəblərə yüksək balla qəbul olunan məzunlara qiymətli hədiyyələr təqdim olunub.