ELM VƏ TƏHSİL
Ali məktəblərin yeni beynəlxalq reytinqi açıqlanmışdır
Bakı, 12 fevral (AZƏRTAC). 2004-cü ildən dünya ali məktəblərinin “Webometrics” adlı reytinqi elan olunur.
Bu reytinq tədqiqatını dünyanın nüfuzlu tədqiqat mərkəzlərindən biri - İspaniyanın məşhur Dövlət Elmi-Tədqiqat Mərkəzi (Consejo Superior de İnvestigac Cientifacasiones) aparır. Onlar Stanford Universitetinin və “Google” tədqiqatçılarının metodologiyasını əsas götürürlər. Bu mərkəz 1907-ci ildə Nobel mükafatı laureatı, professor Ramon Cajal tərəfindən yaradılmışdır.
Xəzər Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 2013-cü ilin yanvarında dünya ali məktəblərinin ümumi gücü, müasirliyi, o cümlədən elektron-virtual dünyada tanınması əsas götürülərək 21 mindən çox ali məktəb, o cümlədən Azərbaycanın ali məktəbləri öyrənilmiş, tədqiq olunmuşdur.
Nəticələrə görə yüksək liqada (ilk 1/3) Azərbaycandan cəmi iki universitet - Qafqaz Universiteti və Xəzər Universiteti yerləşmişdir.
Keçmiş sovet ölkələri üzrə yüksək liqaya (ilk 1/3) Belarusdan 21, Qazaxıstandan 17, Moldovadan 6, Gürcüstandan 5, Ermənistandan 5, Qırğızıstandan 4 və Özbəkistandan 1 ali məktəb daxil olmuşdur.