CƏMİYYƏT


Ali təhsil müəssisələrində mülki müdafiə fənninin tədrisi ilə bağlı işçi görüş keçirilib

Bakı, 5 dekabr, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə işinin təşkili Baş İdarəsinin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində respublikanın ali məktəblərində mülki müdafiə fənninin tədrisinin keyfiyyətinin artırılması, tələbələrin mülki müdafiə sahəsində bilik səviyyəsinin yüksəldilməsi və bununla bağlı qarşılıqlı fikir mübadiləsinin aparılması ilə bağlı tədbir keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə nazirliyin Mülki Müdafiə işinin təşkili Baş İdarəsinin rəisi, general-mayor Niyazi Zamanov çıxış edərək mülki müdafiə tədbirlərinin səmərəliliyinin artırılması və ali məktəblərdə təhsil alan tələbələrin bu sahədə bilik səviyyəsinin yüksəldilməsi məqsədilə mövcud qanunvericiliyin müddəaları nəzərə alınmaqla və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla FHN tərəfindən ali məktəblərin bakalavr pilləsində Mülki müdafiə fənninin tədrisi üçün yeni proqramın hazırlandığını deyib. N.Zamanov Təhsil Nazirliyinin həmin proqramda mülki müdafiə fənni üzrə hazırlanmış mövzuların ali təhsil müəssisələrində fənn kurrikulumlarına (fənn proqramlarına) daxil edilməsinin tövsiyə olunduğunu qeyd edib. Bildirib ki, ali məktəblərdə mülki müdafiə fənninin tədrisinin, ümumilikdə mülki müdafiə işinin keyfiyyətinin artırılması, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində gənc nəslin maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Həmçinin gələcəkdə mülki müdafiə fənnini tədris edən kadrların seçilməsinə diqqətin artırılması, FHN-in mütəxəssislərinin iştirakı ilə açıq dərslərin keçirilməsi, mülki müdafiə fənninin tədrisi üçün maddi-tədris bazasının təkmilləşdirilməsi və dərs vəsaitlərinin hazırlanmasında bu fənnin tədrisini həyata keçirən ali təhsil müəssisələrinin iştirakının vacibliyi diqqətə çatdırılıb.

Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinin böyük elmi işçisi Nadim Nəcəfquliyev çıxışında ali təhsil müəssisələrində mülki müdafiə fənninin tədris edilməsinin vacibliyindən danışıb. O, mülki müdafiə fənninin tədrisi üçün yeni proqram barədə təkliflərin Təhsil Nazirliyinə təqdim olunmasını ali tədris müəssisələrinə tövsiyə edib.

Görüşdə digər natiqlər tərəfindən ali təhsil müəssisələrinin aidiyyəti prorektorları, o cümlədən mülki müdafiə fənninin tədrisini həyata keçirən kafedra müdirləri və kafedraların aparıcı müəllimləri də çıxış edərək fikir və təkliflərini səsləndirib, maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Müzakirələr zamanı ali təhsil müəssisələrində mülki müdafiə fənninin tədrisi ilə bağlı Təhsil Nazirliyində işçi qrupun yaradılması, fənnin tədris üçün əyani vəsaitlərlə təchiz olunmuş xüsusi sinif otaqlarının hazırlanması, mülki müdafiə təlim və məşqlərin keçirilməsi zamanı müəllim və tələbə heyətinin iştirakının təmin edilməsi, tələbələrə praktiki dərslərin nümunəvi kollektiv mühafizə qurğularında keçirilməsi və s. təkliflər səsləndirilib.

Tədbirdə respublikanın ali təhsil müəssisələrinin tədris işləri üzrə prorektorları, mülki müdafiə fənninin tədrisini həyata keçirən kafedra müdirləri və kafedraların aparıcı müəllimləri, eləcə də mülki müdafiə qərargah rəisləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.