ELM VƏ TƏHSİL
Ali təhsil müəssisələrində tədqiqat, ixtira və innovasiyalarla bağlı sorğu keçirilib
Bakı, 21 aprel, AZƏRTAC
Təhsil İnstitutu “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) gücləndirilməsi” adlı layihəni icra edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Təhsil Nazirliyinin əsas benefisiarı olduğu və Avropa İttifaqının maliyyələşdirdiyi layihə 2018-ci ilin oktyabr ayı ilə 2020-ci ilin may ayı arasında olan dövrü əhatə edib. Layihənin həyata keçirilməsində əsas məqsəd ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların strategiyası və idarə edilməsinin gücləndirilməsi olub. Layihə çərçivəsində ali təhsil müəssisələrində Tİİ fəaliyyətlərinin vəziyyətinin monitorinqi və qiymətləndirilməsi məqsədilə sorğu keçirilib. Bu sorğuda aşkarlanan məsələlərdən biri də Tİİ fəaliyyətlərinin həyata keçirilməsinə maneə yaradan önəmli faktorlar olub. Belə ki, bu maneələr iki fərqli prizmadan təhlil edilib: ali təhsil müəssisələrinin rəhbərliyi və fərdi tədqiqatçılar.
Sorğunun nəticələrinə əsasən hesab olunur ki, nəzəri və praktik tədqiqat metodologiyası kurslarını təşkil etmək, tədqiqatçıları dəstəkləmək üçün tədqiqat qruplarına cavabdeh və faydalı assistent formalaşdırmaq, onları lazımi imkanlar/avadanlıqlarla təmin etmək, tədqiqat fəaliyyətlərinə daha çox maliyyə dəstəyi ayırmaq mövcud maneələrin aradan qaldırılmasına öz töhfəsini verə bilər.