ELM VƏ TƏHSİL
Ali təhsil müəssisələrinə (I mərhələ üzrə) qəbula dair bəzi statistik məlumatlar açıqlanıb
Bakı, 14 avqust, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə (I mərhələ üzrə) qəbula dair bəzi statistik məlumatları açıqlayıb.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, ali təhsil müəssisələrinin 42 min 669 plan yerlərinin (müsabiqədənkənar plan yerləri istisna olmaqla) müsabiqəsində 42 min 804 abituriyent iştirak edib. Onlardan 36 min 428 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11 min 775 nəfər dövlət sifarişi əsasında, 24 min 653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Birinci mərhələdən sonra ali təhsil müəssisələrinə qəbulolma faizi 85.37-dir. Dövlət ali təhsil müəssisələrində (qəbul planı 36 min 424) vakant yerlərin sayı 3 min 663, özəl ali təhsil müəssisələrində (qəbul planı 6 min 245) isə 2 min 579-dur.
Tələbə adı qazanmış şəxslər avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq. Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19‑dək internet vasitəsilə aparılacaq.
Qeyd edək ki, ali təhsil müəssisələrinə birinci mərhələdə qəbul olmayan abituriyentlər orta ixtisas təhsili müəssisələrinə də ərizə təqdim ediblərsə, onlar öz elektron ərizələrində ali təhsil müəssisələrinin boş qalan yerləri ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin də ixtisaslarını göstərə bilərlər.
Qəbul planı, bölmələr və qruplar üzrə qəbul, dövlət və özəl ali təhsil müəssisələrinə qəbul göstəriciləri haqqında statistik məlumatlar müvafiq cədvəllərdə təqdim olunur. Həmin cədvəllər DİM-in internet saytında yerləşdirilib.