ELM VƏ TƏHSİL
Ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir VİDEO
Bakı, 15 iyul, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017‑ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.
AZƏRTAC xəbər verir ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 47 binada aparılır. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanıb və üç saat davam edəcək.
İmtahanların idarə edilməsinə 227 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2 min 129 nəzarətçi-müəllim cəlb olunub.
İmtahanda istifadə olunmuş sualların düzgün cavabları TQDK-nın internet saytında və “Facebook” səhifəsində yerləşdiriləcək. İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.