ELM VƏ TƏHSİL
Ali təhsil müəssisələrinə ikinci ixtisas qrupu üzrə qəbul imtahanı keçirilmişdir VİDEO
Bakı, 3 avqust (AZƏRTAC). Avqustun 3-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ikinci ixtisas qrupu üzrə qəbul imtahanı keçirmişdir.
AZƏRTAC xəbər verir ki, respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Qubada aparılan imtahanlara nəzarətçi-müəllimlər nəzarət etmişlər.
Ümumilikdə 2013-cü ildə ikinci qrup üzrə 23 min 52 abituriyent ərizə təqdim etmişdir. Onlardan 20 min 544 nəfəri Azərbaycan bölməsinin, 2 min 508-i isə rus bölməsinin məzunudur.
İmtahan saat 11.00-da başlanmış və saat 14.00-da başa çatmışdır.
İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən ikinci ixtisas qrupu üzrə test suallarının ekspertizasının aparılmasına başlanılmışdır. Avqustun 3-də saat 19.00-da “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcəkdir.
İmtahanda istifadə olunmuş sualların düzgün cavabları, eyni zamanda, TQDK-nın “Facebook” səhifəsində (facebook.com\eTQDK) yerləşdiriləcəkdir.
İkinci ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr TQDK-nın internet saytında yerləşdiriləcəkdir. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.
Bütün qruplar üzrə ixtisas seçimi avqustun 6-dan 15-dək internet vasitəsilə aparılacaqdır.
Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 18-dən 22-dək elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.