ELM VƏ TƏHSİL


Ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir: 30 minə yaxın ərizə təsdiqlənib

Bakı, 20 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak üçün ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ixtisas seçimi bütün qruplar üzrə avqustun 28-dək internet vasitəsilə aparılır. Bu gün saat 09:05-ə olan məlumata görə, 29 min 739 ərizə təsdiqlənib.

İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını eservices.dim.gov.az/erizebak/ixtisas1 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. İmtahan verdikləri ixtisas qrupu (altqrupu) üzrə müsabiqə şərtini ödəyən abituriyentlər həmin qrup (altqrup) üzrə ixtisas seçmək hüququ əldə edirlər.

Abituriyent ixtisas seçimi edərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Seçiləcək ixtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü müəyyənləşdirir.

Qeyd edək ki, müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. “Məsləhət mərkəzləri” haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.