ELM VƏ TƏHSİL


Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır

Bakı, 25 sentyabr, AZƏRTAC

Bu gün ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tələbə adı qazananlar oktyabrın 7-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir.

Abituriyentlər ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyat forması ilə tanış ola bilərlər.

Xatırladaq ki, ali təhsil müəssisələrinin müsabiqəsində 66 min 464 nəfər iştirak edib. Onlardan 42 min 731 nəfəri (o cümlədən 5785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 20 min 799 (o cümlədən 779 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 21 min 932 (o cümlədən 5006 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Bu il 2 nəfər beynəlxalq, 28 nəfər respublika fənn olimpiadalarının, 74 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, 10 nəfər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB Diploma Programme) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunub.

Həmçinin 160 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 30 abituriyent ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub.

Bundan əlavə, I ixtisas qrupu 146 abituriyent Azərbaycan-Fransız Universitetinə (UFAZ), IV ixtisas qrupu üzrə 121 abituriyent İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 110 abituriyent (I-IV ixtisas qrupları üzrə) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.