ELM VƏ TƏHSİL
Ali təhsil müəssisələrinin magistraturalarına keçiriləcək müsabiqədə iştirak etmək üçün ərizə qəbulu başa çatmışdır
Bakı, 22 fevral (AZƏRTAC). 2013/2014-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələrinin magistraturalarına ərizə qəbulu başa çatmışdır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, bakalavrlar “Bakalavrın elektron ərizəsi” formasını fevralın 11-dən 21-dək doldurmuş və ərizələrini fevralın 12-dən 22-dək (saat 17:00-dək) təsdiq etdirmişlər.
İlkin statistik məlumatlara əsasən imtahanda iştirak etmək üçün 21 min 622 bakalavr ərizə vermişdir. Onlardan 19 min 79-u Azərbaycan bölməsi, 2 min 543 nəfəri isə rus bölməsi üzrə imtahan verəcəkdir.
İmtahanın birinci mərhələsi martın 3-də keçiriləcək və bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı təqdim olunacaqdır.
İmtahanda iştirak etmək üçün bakalavrlar fevralın 28-dən etibarən elektron ərizələrinə daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edib götürməlidirlər. Orada göstərilən ünvanda və tarixdə imtahanda iştirak etmək üçün “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyəti təsdiq edən sənədi imtahana mütləq gətirməlidirlər.