ELM VƏ TƏHSİL
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsi martın 3-də keçiriləcəkdir
Bakı, 6 fevral (AZƏRTAC). Xəbər verildiyi kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul elan etmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, müvafiq qəbul imtahanlarında iştirak etmək üçün bakalavr TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizemag) daxil olaraq şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PİN kodundan) və TQDK-nın virtual ödəmə kartındakı iş nömrəsi və şifrdən istifadə etməklə oradakı “Bakalavrın elektron ərizəsi” formasını doldurur. Virtual ödəmə kartını internet ödəmə və ya SMS xidmətləri vasitəsi ilə əldə etmək olar (ətraflı məlumat tqdk.gov.az/erizemag səhifəsindəki aktual keçidlərdə verilmişdir).
Bundan sonra bakalavr tələb olunan sənədləri müvafiq sənəd qəbulu komissiyasına (SQK) təqdim edib “Bakalavrın elektron ərizəsi” formasını təsdiq etdirir. Milli Sertifikat Xidmətləri Mərkəzinin qeydiyyat mərkəzlərinin birindən “Elektron imza” sertifikatını əldə etmiş bakalavrlar həmin sertifikatdan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını sənəd qəbulu komissiyasına müraciət etmədən özləri təsdiq edə bilərlər.
Bakalavrlar “Bakalavrın elektron ərizəsi” formasını fevralın 11-dən 21-dək doldurur və ərizələrini fevralın 12-dən 22-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 9-dan 17-dək təsdiq etdirirlər.
Cari ilin məzunları “Bakalavrın elektron ərizəsi” formasını bitirdikləri ali təhsil müəssisəsində yaradılmış SQK-da təsdiq etdirirlər.
Ali təhsil müəssisələrini əvvəlki illərdə bitirənlər və nəzdində SQK fəaliyyət göstərməyən ali təhsil müəssisələrinin cari il məzunları “Bakalavrın elektron ərizəsi” formasını ali təhsil müəssisələrində yaradılmış SQK-lardan istənilən birində təsdiq etdirirlər.
Xarici ölkələrdə ali təhsil almış Azərbaycan Respublikasının vətəndaşları “Bakalavrın elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirirlər.
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Bakalavrın elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirirlər.
“Bakalavrın elektron ərizəsi” formasının təsdiqi üçün TQDK tərəfindən yaradılmış bütün sənəd qəbulu komissiyalarının siyahısı və tələb olunan sənədlər “Magistr” jurnalının 2-ci nömrəsində dərc olunmuşdur.
Bu bölmədə “Bakalavrın elektron ərizəsi” formasının nümunəsi ilə yanaşı, onun doldurulma qaydası da verilmişdir.
Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılır.
Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
İmtahanın birinci mərhələsi martın 3-də keçiriləcək və bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı təqdim olunacaqdır.
Birinci mərhələdəki nəticələri TQDK tərəfindən qoyulmuş minimal tələbləri ödəyən bakalavrlar proqram seçiminə buraxılırlar. Həmin bakalavrlar “Magistr” jurnalının builki 4-cü nömrəsində dərc ediləcək elanda göstərilən müddət ərzində elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər (“İxtisaslaşma seçimi cədvəli” və qəbul proqramları “Magistr” jurnalının builki 3-cü nömrəsində veriləcəkdir).