CƏMİYYƏT
Ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə “dəyirmi masa” keçirilib
Bakı, 21 aprel, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında yerləşən Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində 22 aprel Beynəlxalq Yer günü ilə əlaqədar növbəti tədbir - ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə “dəyirmi masa” keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Beynəlxalq Yer Gününün tarixi, əhəmiyyəti, ölkəmizdə yaşıllıqların artırılması, ətraf mühitin mühafizəsi sahəsində görülmüş işlər, o cümlədən mövcud qlobal ekoloji problemlər - iqlim dəyişmələri, səhralaşma, bioloji müxtəlifliyin qorunması, tullantıların idarə edilməsi, ekoloji təhlükəsizliyin təmin olunması barədə tədbir iştirakçılarına geniş məlumat verilib. Eyni zamanda, ətraf mühitin çirklənməsinin minimuma endirilməsi sahəsində mühafizəsinin tənzimlənməsi məqsədilə davamlı inkişaf prinsipləri üzrə mütərəqqi üsulların tətbiq edilməsi, alternativ metodlar vasitəsilə tükənməyən enerji mənbələrindən yararlanma və enerji effektivliyinə nail olunması istiqamətində ölkədə həyata keçirilən fəaliyyətlərdə gənc nəslin iştirakının vacibliyi vurğulanıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Tədbir görkəmli akademik Həsən Əliyevin 110 illik yubileyi ərəfəsinə təsadüf etdiyindən, görüşdə bütün həyatını Azərbaycan təbiətinin tədqiqinə, tərənnümünə və mühafizəsinə həsr etmiş, bu misilsiz və əsrarəngiz sərvətin yeni nəsillər üçün qorunub saxlanılmasında dünya şöhrətli alimin əvəzsiz xidmətlərindən də danışılıb.
Həmçinin müzakirələrdə ətraf mühitin mühafizəsi sahəsində gənc nəslin rolunun zəruriliyi bildirilərək dövlət orqanları ilə yanaşı, ictimaiyyətin bu sahədə aktiv iştirakının, əhali arasında maarifləndirmə işlərinin aparılmasının əhəmiyyəti də diqqətə çatdırılıb.