ELM VƏ TƏHSİL
Ali təhsil müəssisəsinin layihə menecerlərinin növbəti görüşü keçirilib

Bakı, 16 iyul, AZƏRTAC
Bakı Biznes Universitetində “Azərbaycanda rektorlar konfransının yaradılması” adlı layihə çərçivəsində layihə menecerlərinin ikinci görüşü keçirilib. Tədbirdə Azərbaycan Turizm və Menecment Universiteti də daxil olmaqla ölkənin 15 ali təhsil müəssisəsinin layihə menecerləri iştirak ediblər.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, görüşdə ATMU-nu layihə meneceri olaraq Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi, Azərbaycan-Avstriya Turizm proqram koordinatoru Elmira Hacıyeva təmsil edib.
Görüşdə layihə rəhbəri Gülşən Bayramova layihənin icrası və ictimailəşdirilməsi üçün Azərbaycan universitetlərinin təşəbbüslərini dəstəklədiyini bildirib. O, bu kimi layihələrin davamlı olmasının zəruriliyini vurğulayıb.
Layihənin əsas məqsədi ali təhsil müəssisələrinin inkişaf planlarına uyğun olaraq rektorlar konfransı vasitəsilə universitetlər arasında hərtərəfli əməkdaşlığı genişləndirməkdir. Layihənin uğurlu nəticəsi olaraq Azərbaycan ali təhsil müəssisələri həm yerli, həm də beynəlxalq aləmdə çox önəmli əlaqələrin əsasını qoymuş olacaq.
Sonda görüş müsbət qarşılanaraq layihə menecerlərinə xüsusi təşəkkür bildirilib və görüləcək işlər müzakirə edilib.