REGİONLAR
Alıcılar bayram yarmarkasındakı qiymətlərdən razıdırlar
Qəbələ, 19 mart, Mustafa Dadaşov, AZƏRTAC
Xalqımızın qədim adət-ənənələrindən olan Novruz bayramı ərəfəsində Qəbələ şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə təşkil edilən yarmarka bayram günlərində əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına olan tələbatının daha dolğun ödənilməsi və süni qiymət artımının qarşısının alınması məqsədi daşıyır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qəbələ şəhərində mərkəzi bazarın yaxınlığındakı ərazidə təşkil olunan yarmarkada, əsasən rayonda istehsal olunan ət və süd məhsulları, meyvə-tərəvəz, bayram çərəzləri satışa çıxarılıb. Alıcılara 700 kiloqram mal əti, 300 kiloqram qoyun əti, 250 kiloqram quş əti, 410 kiloqram ağartı məhsulları, 1650 litr süd, 11,5 ton soğan və kartof, 6,8 ton meyvə, 300 kiloqram bal, həmçinin fındıq və qoz ləpəsi, yumurta və müxtəlif növ şirniyyatlar təklif olunur. Məhsulların qiyməti bazardakından 20-25 faiz ucuzdur.
Alıcılar yaradılan şəraitdən, məhsulların keyfiyyəti və qiymətlərdən razı qaldıqlarını bildiriblər.