CƏMİYYƏT
Əlil Təşkilatları İttifaqı Ermənistanın ölkəmizə qarşı yönələn təcavüzkar əməlləri ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edib
Bakı, 29 oktyabr, AZƏRTAC
Əlil Təşkilatları İttifaqı erməni qəsbkarlarının ölkəmizin hərbi əməliyyatlar getməyən regionlarına və orada yaşayan dinc sakinlərə, mülki əhaliyə qarşı yönələn raket hücumları ilə əlaqədar BMT, UNICEF, ATƏT, Avropa Şurası, Avropa Parlamenti və uşaq hüquqları üzrə beynəlxalq təşkilatlara 40 əlil təşkilatının imzası ilə müraciət edib.
AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir: “Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan işğalçı Ermənistan hərbi əməliyyatları bərpa edərək sentyabrın 27-dən etibarən Azərbaycana qarşı növbəti təcavüzə başlayıb. Acınacaqlı haldır ki, Azərbaycanın mülki əhali yaşayan məntəqələrinin ağır artilleriya silahları və raket atəşinə tutulması adi hala çevrilib.
Ermənistanın günahsız mülki şəxslərə qarşı qəsdən törətdiyi hərbi cinayətlər nəticəsində oktyabrın 4, 11 və 17-də Gəncə şəhərinə raket hücumları nəticəsində 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər ağır yaralanıb. Həmçinin döyüş əməliyyatlarından uzaqda yerləşən rayonlarda yaşayış məntəqələrinə və mülki əhaliyə yönələn ağır artilleriya atəşləri, raket hücumları davam edir. Son iki gündə Ermənistan hərbi birləşmələri cəbhədən uzaq Bərdə rayonuna bir-birinin ardınca raket hücumları, beynəlxalq hüquqla qadağan olunmuş kaset bombaları atması nəticəsində həmin rayonda içərisində azyaşlı uşaqlar, qadınlar da olmaqla 25 dinc sakin həlak olub, 80-dən çox mülki şəxs yaralanıb. Çoxsaylı yaşayış yerləri, təsərrüfat subyektləri dağıdılıb, rayona böyük maddi və mənəvi ziyan vurulub.
Növbəti terror aktının həyata keçirilməsi Ermənistanın Azərbaycan vətəndaşlarına qarşı soyqırımı həyata keçirdiyini bir daha sübut edir. BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyanın, Cenevrə Konvensiyasının və digər beynəlxalq sənədlərə məhəl qoymayaraq hərbi əməliyyatlara uşaqlar cəlb olunur və hərbi əməliyyatlardan kənarda yaşayan dinc əhali, o cümlədən uşaqlar həlak olur və əlillik alırlar”.
Müraciətdə daha sonra deyilir: “Biz Azərbaycanın əlilliyi olan şəxslərin təşkilatları olaraq sizi Ermənistanın hərəkətlərini beynəlxalq hüquq normalarına uyğun qiymətləndirməyə, təcavüzün pislənməsinə, işğalın dayandırılmasına, dinc əhalinin, o cümlədən uşaqların hərbi əməliyyatlara cəlb olunmasının və onların hərbi əməliyyatlardan kənar yaşayış yerlərində öldürülməsinin qarşısının alınması istiqamətində səylərinin artırılmasına və bu barədə ciddi tədbirlər görməyə çağırırıq”.