CƏMİYYƏT
Əlil Təşkilatları İttifaqı Kəlbəcərdə mina partlaması nəticəsində həlak olanlarla əlaqədar müraciət yayıb
Bakı, 5 iyun, AZƏRTAC
İşğaldan azad olunmuş Kəlbəcər rayonunda iyunun 4-də xidməti vəzifələrini yerinə yetirən “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin həlak olması, digər 4 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə əlaqədar Əlil Təşkilatları İttifaqı müraciət yayıb.
AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir: “Baş verən hadisə bir daha Ermənistanın terrorçu əməllərinin növbəti sübutudur. 30 ilə yaxın müddətdə işğal olunmuş ərazilərdə ermənilər vandallıq edərək təbii sərvətləri və mədəni abidələri dağıtmış, dini ibadətgahları təhqir etmişlər. Müharibənin bitməsinə baxmayaraq, təəssüf ki, erməni terroru hələ də davam edir və dinc vətəndaşlar həyatlarını itirirlər. Müharibə başa çatdıqdan sonra minaların partlaması nəticəsində 89 nəfər yaralanıb, 100 çox insan həyatını itirib. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüququn və 1949-cu il tarixli Cenevrə konvensiyalarının tələblərinə etinasızlıq edərək onları kobud şəkildə pozmaqda davam edir.
Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərinin hər yerində mina təhlükəsi mövcuddur. Ermənistanın işğaldan azad olunmuş ərazilərdə minaların basdırılması xəritələrinin Azərbaycana verilməməsi, üstəlik diversiya qrupları vasitəsilə cəhdlər etməsi antihumanizm, terrorçuluq hərəkətləri olmaqla bərabər insanlığa və bütün bəşəri dəyərlərə xəyanətdir.
Günahsız insanların həyatına son qoyan, bölgədə quruculuq işlərinin həyata keçirilməsinə təhlükə yaradan, uzun illər məcburi köçkün həyatı yaşamış əhalini öz doğma yurdlarına qayıtmağa, regionda təhlükəsizliyə, sülhə və inkişafa hər vəchlə mane olan Ermənistanın cinayət əməllərini qəti surətdə pisləyirik. Dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, hüquq müdafiə təşkilatlarına müraciət edərək Ermənistanın terrorçu və vandalizm hərəkətlərinə son qoymağa, minalanmış ərazilərin xəritəsini Azərbaycana verilməsini bu ölkədən tələb etməyə çağırırıq”,- deyə müraciətdə bildirilir.