CƏMİYYƏT
Əlil uşaqların çoxu hələ də məktəb təhsili sistemindən kənarda qalır
Bakı, 2 sentyabr, AZƏRTAC
Sülhün möhkəmləndirilməsində, davamlı inkişafın irəlilədilməsində və insan haqlarının reallaşdırılmasında inklüziv təhsil həlledici rola malikdir. Təhsil sahəsində diskriminasiya milyonlarla əlil uşağın imkanlarını məhdudlaşdırır və onları yoxsulluğa məhkum edir.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, bu fikirlər BMT-nin Əlil Hüquqları Komitəsinin bəyanatında yer alıb. Komitənin üzvləri ümumi tövsiyələrlə çıxış ediblər. Bu tövsiyələrdə qeyd edilir ki, ümumtəhsil məktəblərində oxuyan əlil uşaqların sayı getdikcə artır, lakin bütövlükdə ümumi təhsil vəzifələri həyata keçirilməmiş qalmaqdadır.
Əlil Hüquqları Komitəsinin ekspertləri xatırladıblar ki, əlil uşaqların çoxu öz həmyaşıdlarından təcrid olunmuş yerlərdə təhsil alır. Habelə fiziki imkanları məhdud uşaqlara çox vaxt aşağı keyfiyyətli təhsil verilir. Lazımi səviyyədə təhsili olmayan əlil uşaqlar gələcəkdə ictimai həyatın bütün sahələrindən kənarda qalacaqlar.
BMT-nin ekspertləri bütün dövlətlərə xatırladırlar ki, inklüziv təhsil sistemində fiziki imkanları məhdud insanlar öz potensiallarını, ən yaxşı keyfiyyətlərini üzə çıxarır, zəruri olan həyati vərdişlərə yiyələnir, ünsiyyət dairəsini genişləndirir və dil bacarıqlarını inkişaf etdirirlər.