CƏMİYYƏT
Əlillərin əmək bazarına inteqrasiyasına dair məsələlər müzakirə olunur
Bakı, 4 dekabr, AZƏRTAC
Dekabrın 4-də Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında imzalanmış “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti orqanlarının əməkdaşları üçün “Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsi” layihəsi üzrə 5-ci təlim kursuna başlanılıb. Budəfəki təlim “Sosial cəhətdən həssas qrupların əmək bazarına daxil edilməsi” mövzusundadır.
AZƏRTAC xəbər verir ki, təlim kursunun başlanılması ilə əlaqədar keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev vurğulayıb ki, Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin prioritetləri sırasında işsiz və işaxtaran vətəndaşların səmərəli məşğulluğunun təminatı, xüsusilə də sosial cəhətdən həssas qrupların aktiv sosial müdafiə tədbirləri ilə əhatə olunmaqla əmək bazarına çıxışına şərait yaradılması mühüm yer tutur. Dövlət başçısının 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda da sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi əsas istiqamətlərdən biri kimi əksini tapıb.
Nazir müavini bu istiqamətdə Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən həyata keçirilən tədbirləri qeyd edib, həmçinin özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciət edənlər arasında sosial cəhətdən həssas qruplara üstünlük verildiyini deyib. O, ötən dövrdə BƏT-lə geniş əməkdaşlıq gündəliyinin formalaşdığını diqqətə çatdıraraq gələn il BƏT-in 100 illik yubileyinin qeyd olunacağını, ölkəmizdə də bununla əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupunun və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin məşğulluq üzrə baş mütəxəssisi Mixail Puşkin dövlət məşğulluq xidmətlərinin keyfiyyətinin artırılmasının və əməkdaşların peşəkar bacarıqlara yiyələnməsinin vacibliyini vurğulayıb, bu məqsədlə BƏT-in dəstəyi ilə belə təlim kurslarının təşkilinin əhəmiyyətindən bəhs ediblər.
Sonra M.Puşkin “Dəyişən əmək bazarında Məşğulluq Xidməti orqanları. BƏT-in 100 illik yubileyi və “Əməyin gələcəyi” təşəbbüsünə ümumi baxış” mövzusunda təqdimatla çıxış edib. Təlim kursu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini Fuad Musayevin moderatorluğu ilə davam edib. BƏT-in “MDB-də Gənclərin Məşğulluğu üzrə Tərəfdaşlıq” layihəsinin rəhbəri Ramiro Pizarronun “Sosial cəhətdən həssas qruplara xidmətlər və Məşğulluq Xidməti orqanları tərəfindən onların əmək bazarına daxil edilməsi” mövzusunda təqdimatı dinlənilib.
Təlim kursunda Norveçin İşəgötürənlər təşkilatının nümayəndəsi Paul Haavorsen (“Əlilliyi olan şəxslərin əmək bazarına daxil edilməsi sahəsində Norveç təcrübəsi”), BƏT-in baş mütəxəssisi Valentin Mokanu və Yuriy Qertsiy (“Əməyin təftişi və sosial cəhətdən həssas qrupların əmək bazarına inteqrasiyası”), Avstriya Dövlət Məşğulluq Xidmətinin əməkdaşı Helena Senqstbratl və İsveç Dövlət Məşğulluq Xidmətinin əməkdaşı Kleas Qoran Lok (“İş təcrübəsi olmayan gənc məzunlar üçün məşğulluq xidmətləri portfeli”), ƏƏSMN-in Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin əməkdaşı Nizami Hüseynli (“Sosial cəhətdən həssas qrupların əmək bazarına daxil edilməsi üçün Məşğulluq Xidməti orqanları tərəfindən həyata keçirilən aktiv əmək bazarı proqramları”) və digər beynəlxalq və yerli ekspertlər tərəfindən təqdimatların edilməsi, qrup işinin aparılması nəzərdə tutulub.
Təlim kursu dekabrın 7-dək davam edəcək.