CƏMİYYƏT
Əlillərin hüquqlarının müdafiəsində QHT-lərin roluna dair müzakirələr aparılıb
Bakı, 27 iyul, AZƏRTAC
Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzdə “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra etdiyi “Əlilliyi olan şəxslərin hüquqlarına hörmət hissinin aşılanması və onlar barəsində pozitiv təsəvvürlərin formalaşdırılması” layihəsi çərçivəsində ictimai maarifləndirmə tədbiri keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə İctimai Birliyinin sədri Ramilə Mahmudova, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova, “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyinin sədri Çiçək Məmmədli, Pasient Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov əlillərin hüquqlarının qorunması istiqamətində həyata keçirilən layihə çərçivəsində görülən işlərdən danışıblar. Çıxışlarda əlillərin hüquqlarının qorunmasında, onların problemlərinin üzə çıxarılmasında və həll edilməsində QHT-lərin mühüm rol oynadığı qeyd olunub. Həmçinin Azərbaycanda bu sahədə QHT-lərin fəaliyyəti üçün hər cür şəraitin yaradıldığı diqqətə çatdırılıb.