CƏMİYYƏT
Əlillərin müalicəsi ilə əlaqədar monitorinqlər aparılacaqdır
Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi ötən ilin aprelindən başlanan “Əlilliyi olan vətəndaşların tibbi-reabilitasiyaları və əmək fəaliyyətlərindəki imkanları ilə bağlı monitorinqlərin keçirilməsi” layihəsini davam edir.
İctimai Birliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, layihənin əsas məqsədi “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun tələblərinə əsasən əlillərin qanunda nəzərdə tutulmuş dövlət hesabına pulsuz müalicəvi sanatoriyalarına getmələri üçün göndəriş almalarını təşkil etmək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Mərkəzləri ilə əməkdaşlıq sayəsində onların işlədikləri idarə və müəssisələrində yaranmış problemləri araşdırıb hüquqi köməklik göstərmək və narazılıqları aradan qaldırmaqdan ibarətdir.
“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin sədr müavini və layihənin rəhbəri Məcid Məmmədov rəhbərlik etdiyi layihənin məqsəd və məramı haqqında məlumat verib. Onun verdiyi məlumata görə, qanunvericiliyə əsasən müharibə və digər kateqoriyalı əlillər ildə bir dəfə dövlət büdcəsi hesabına tibbi-reabilitasiya kursu keçməli və sanatoriyalarda müalicə olunmalıdır və həmin məqsədlə dövlət hər il kifayət qədər vəsait ayırır. Təəssüf ki, əlillərin əksəriyyəti bir dəfə də olsun ki, pulsuz tibbi-reabilitasiya kursu keçməyib və müalicəvi sanatoriyalarına göndərilməyiblər. Hətta onların çoxu bunun üçün lazım olan prosedurları bilmirlər.
Layihə çərçivəsində Naftalanda, eləcə də paytaxtın Sabunçu və Xəzər rayonlarında əlillərin çalışdığı idarə və müəssisələrdə, Əlillərin Bərpa Mərkəzi, Xəzər rayonunun Şağan qəsəbəsində Müharibə Əlillərinin Müalicə Sanatoriyası, Naftalan Müalicə Sanatoriyaları və xəstəxanalarda onların müalicə proseduralarının monitorinqi aparılacaqdır.