REGİONLAR
Əlillərin sosial müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindəndir
Ağsu, 30 noyabr, AZƏRTAC
Bu gün ölkəmizdə əlil vətəndaşların sosial müdafiəsi, onların maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Dövlət əlillərin sağlamlıq, reabilitasiya, istirahət, texniki bərpa, ev və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını daim diqqətdə saxlayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bütün bunlar barədə 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Ağsu rayonundakı Veteranlar Evində çay süfrəsi arxasında keçirilən görüşdə danışılıb.
Rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mirqubat Orucov vurğulayıb ki, bu gün Ağsuda 2733 nəfər sağlamlığını itirən şəxs, o cümlədən 90 nəfər Qarabağ müharibəsi əlili, 2 nəfər İkinci Dünya müharibəsi əlili, 38 nəfər Çernobıl əlili, 6 nəfər Əfqanıstan əlili var. Respublikamızın hər yerində olduğu kimi, Ağsuda da onlar hərtərəfli qayğı ilə əhatə olunublar. Son illər təkcə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 50 ev tikilib, 21 əlilə minik avtomobili verilib.
Görüşdə çıxış edən Qarabağ Müharibəsi Əlilləri İctimai Birliyinin sədri Allahverdi Qənbərov, əlillər Əli Zamanov, Şaban Bulutxanov göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.