CƏMİYYƏT


“Əlillik qüsur deyil” kitab-albomu digər dillərdə də nəşr olunacaq

Bakı, 7 dekabr, AZƏRTAC

Azərbaycan və ingilis dillərində dərc olunan və ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan “Əlillik qüsur deyil” kitab-albomunun digər dillərdə də nəşri planlaşdırılır. Nəfis şəkildə tərtib olunan 278 səhifəlik kitab-albom Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrinin istedadlı sakinləri, onların yaradıcılıq nümunələri barədə fotoməlumatlarla zəngin məlumatları əhatə edən ilk nəşrdir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, kitab-albomun ilk hissəsində ulu öndər Heydər Əliyevin əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara qayğıkeş münasibətindən, Prezident İlham Əliyevin tapşırıqları əsasında həmin təbəqələrdən olanların sosial təminatının gücləndirilməsi, onların cəmiyyət həyatında fəal iştirak imkanlarına malik olmaları üçün aparılan işlərdən bəhs olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fiziki məhdudiyyətli insanlarla bağlı nəcib və xoşməramlı layihələri barədə məlumatların əksini tapdığı nəşrdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə daim yaxından dəstək olması, sosial xidmət müəssisələrində yaşayan insanlarla görüşləri barədə dolğun məlumatlar da təqdim olunur.

Kitab-albom fiziki məhdudiyyətli olsalar da, daim özlərinə inam hissi ilə yaşayan, istedad və qabiliyyətləri ilə seçilən və bu bacarıqlarını daim inkişaf etdirməyə, təkmilləşdirməyə çalışan, ictimai-mədəni həyatda artıq özlərini uğurla təsdiq etməyə nail olan 60-a yaxın fiziki məhdudiyyətli insan və onların müxtəlif yaradıcılıq nümunələri ilə yaxından tanışlıq imkanı yaradır.

Ölkəmizdə boccia idman növü ilə məşğul olan fiziki məhdudiyyətli insanların uğurları, Azərbaycan idmanı üçün yenilik olan Boccia İdman Federasiyası, ilk inklüziv teatr olan ƏSA teatrının qısa müddətdə əldə etdiyi uğurlar, teatrın əlilliyi olan şəxslərdən ibarət yaradıcı heyətinin peşəkar səviyyədə hazırladığı tamaşalar barədə oxucuya məlumatlar verilir.

Nəşrdə təqdim olunan məlumatlar əlilliyin heç də bir qüsur və cəmiyyətdə uğurla addımlamaq üçün maneə olmadığı fikrini aşılayır. Fiziki məhdudiyyət üzərindən əzm və məharətlə adlayaraq öz uğur hekayəsinə çatmağı bacaran insanların timsalında bu fikir əyani şəkildə təsdiqini tapır.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab-albom xüsusilə əlilliyi olan yaradıcı insanların əl işlərinə maraq göstərən sənətsevərlər üçün böyük əhəmiyyət daşıyır. Kitab-albom əsasında yaradıcı fiziki məhdudiyyətli insanların elektron reyestrinin, həmin reyestr əsasında fiziki məhdudiyyətli insanların əl işlərinin daha geniş miqyasda tanıdılması və satışı imkanlarının genişləndirilməsi üçün veb-portalın yaradılması da nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.