CƏMİYYƏT
Əlilliyi olan 71 nəfər sağlamlıq imkanları məhdud uşaq sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb
Bakı, 2 avqust, AZƏRTAC
Sosial Xidmətlər Agentliyi tərəfindən daha 71 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvan Muxtar Respublikasındakı sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb. Sağlamlıq imkanları məhdud uşaqlar valideynlərindən birinin müşayiəti ilə göndəriliblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, xəstəliklərinə uyğun olaraq agentlik tərəfindən verilmiş göndərişlər əsasında yola salınanların bir hissəsi “Duzdağ” Fizioterapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanasında, digər hissəsi Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində bərpa-müalicəsi prosedurlarına cəlb olunacaq.
Agentlik tərəfindən bu ilin ötən dövründə ümumilikdə 500-dən çox imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib.