REGİONLAR
Əlilliyi olan gənc seçicidən nümunəvi hərəkət VİDEO
Xaçmaz, 1 noyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazlı gənc Elvira Yaqubova Milli Məclisə seçkilər günü nümunəvi hərəkəti ilə hamının rəğbətini qazanıb.
AZƏRTAC xəbər verir ki, I qrup əlil olan gənc məntəqəyə əlil arabasında gələrək səs verib. Elvira Yaqubovaya müraciət edərsə yaşadığı ünvana səyyar seçki qutusu gətiriləcəyi bildirilsə də, gənc xanım bundan imtina edib. O, hamı kimi məntəqəyə gələrək səsvermə prosesinə qatılıb. Gəncin bu hərəkəti məntəqədəki insanlar tərəfindən rəğbətlə qarşılanıb.
55 saylı Xaçmaz şəhər seçki dairəsinin 8 saylı məntəqəsində əlilliyi olan şəxslərin səsverməsini təmin etmək üçün pandus quraşdırıldığından Elvira Yaqubova heç bir maneəsiz səsvermə hüququndan istifadə edib.
Seçkidə iştirak etdikdən sonra təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşən Elvira ölkəmizin ali dövlət hakimiyyəti orqanının formalaşmasında yaxından iştirak etdiyinə görə qürur hissi keçirdiyini bildirib. O, bütün gəncləri aktiv olmağa, ölkəmizin inkişafı üçün əllərindən gələni əsirgəməməyə səsləyib.
Elvira Yaqubova 1987-ci ildə Xaçmaz şəhərində doğulub. Aktivliyi ilə seçilən gənc həm də istedadlı rəssamdır. Onun çəkdiyi rəsmlər bir çox sərgilərdə nümayiş etdirilib.