CƏMİYYƏT
Əlilliyi olan iyirmi şəxsə təkərli oturacaqlar yaşadıqları bölgələrə aparılaraq verilib
Bakı, 3 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi respublikamızın bölgələrində yaşayan əlilliyi olan şəxslərə səyyar formada xidmətlərini davam etdirir.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, mərkəz tərəfindən daha 20 nəfər əlilliyi olan şəxsə təkərli oturacaqlar yaşadıqları şəhər və rayonlara (Sumqayıt, Xırdalan, Quba, Xaçmaz, Biləsuvar, Cəlilabad, Masallı və Lənkəran) aparılaraq təqdim edilib. Həmin rayonlarda yaşayan digər bir qrup əlilliyi olan şəxsə də 12 reabilitasiya vasitəsi verilib.
Əlilliyi olan şəxslər ehtiyac duyduqları reabilitasiya vasitələrinin elə öz yaşadıqları bölgələrə gətirilib onlara verilməsindən razılıqlarını bildiriblər.