REGİONLAR
Əlilliyi olan şəxslər üçün təşkil edilən peşə hazırlığı kurslarına mediatur
Masallı, 28 aprel, İlkin Adıyev, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi ilə Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi tərəfindən Masallı rayonunda əlilliyi olan şəxslər üçün təşkil edilən peşə hazırlığı kurslarına mediatur olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı Sənaye Məhəlləsində yerləşən müəssisədə təşkil edilən kurslar dərzi və xalçaçılıq istiqamətini əhatə edir. Ümumilikdə peşə kurslarına 25 əlilliyi olan şəxs cəlb edilib.
Media nümayəndələri kursların təşkil olunduğu müəssisədə tədris prosesi ilə tanış olub, onlara Agentlik tərəfindən adambaşına maliyyələşmə əsasında peşə hazırlığının təşkili barədə məlumat verilib.
Qeyd edilib ki, bu gün Agentlik tərəfindən işəgötürənlərlə əməkdaşlıq edilməklə müasir əmək bazarının tələblərinə cavab verən 175 peşə və ixtisas üzrə kurslar təşkil olunur. Qabaqcıl beynəlxalq təcrübə əsasında mütəxəssis hazırlığı həyata keçirmək, onların bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə Agentliyin Bakı, Gəncə və Göyçayda olmaqla, 3 Peşə Hazırlığı Mərkəzi mövcuddur. Bu məşğulluq tədbirinin də nəticəyönümlü olması və işsiz şəxslərə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər edilir, maddi-texniki baza təkmilləşdirilir, daha çox işəgötürən əməkdaşlığa cəlb edilir və peşə istiqamətlərinin əhatəsi genişləndirilir.
Həmçinin qeyd edilib ki, sosial cəhətdən həssas qrupdan olan şəxslərin əmək bazarına qaytarılması, onların dayanıqlı məşğulluq tədbirləri ilə əhatə olunması məqsədilə Agentlik tərəfindən sosial tərəfdaşlarla əməkdaşlıq edilir, müxtəlif kurslar təşkil olunur.
Qeyd edək ki, bu günə qədər Bakı Peşə Hazırlığı Mərkəzi ilə Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi tərəfindən müxtəlif istiqamətlər üzrə 6 peşə kursu təşkil olunub və kurslarda 100-ə yaxın əlilliyi olan şəxs iştirak edib. Müdavimlərə peşə kursu müddətində minimum aylıq əməkhaqqı məbləğində təqaüd verilib, kursu uğurla başa vuran şəxslərin işlə təminatına da dəstək göstərilib.