CƏMİYYƏT


Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində ilk “Uğur” dərsi təşkil edilib

Bakı, 25 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin dəstəyi ilə həssas əhali kateqoriyasından olan şəxslər üçün “Uğur” ustad dərsləri layihəsinə başlanılıb.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ustad dərslərinin ilk təqdimatı Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində reabilitasiyaya cəlb olunan, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən əlilliyi olan şəxslər üçün keçirilib.

Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov həssas kateqoriyadan olan vətəndaşların qayğı mühiti ilə əhatə olunması üçün icra olunan sosial layihələrin davam etdirildiyini vurğulayıb. O, “Uğur” ustad dərsləri layihəsinin müxtəlif sahələrdə uğur qazanmış insanların əlilliyi olan şəxslərlə görüşlərinin keçirilməsi yolu ilə onların motivasiya edilməsi məqsədinə xidmət etdiyini bildirib.

Əlilliyi olan 100-ə yaxın şəxsin iştirak etdiyi layihədə ilk master-klası uğurlu startapların müəllifi, iş adamı Toğrul Səməd aparıb. “Fatal Fight” mobil oyunun yaradıcısı, “Buglance” IT layihəsinin rəhbəri, “Nafantano” oyuncaqlarının yaradıcısı, istehsal etdiyi məhsulları dünya bazarlarına çıxarmağı bacaran iş adamı iştirakçılarla öz uğur düsturundan danışıb. Maraqlı müzakirələrlə yadda qalan görüşdə Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində müxtəlif peşələrə yiyələnən gənclər əl işlərinin satışı istiqamətində peşəkar tövsiyələr almaq imkanı qazanıblar.

Uğur əldə etmək üçün məhdudiyyətləri aşa bilməyin mümkünlüyü düşüncəsini iştirakçılara çatdırmağı hədəfləyən layihənin davamlı olaraq təşkil edilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.