CƏMİYYƏT
Əlilliyi olan şəxslərin XI Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi başlayıb
Bakı, 1 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən 3 dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər günü ilə əlaqədar həmin kateqoriyadan olan şəxslərin əl işlərindən ibarət XI Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi təşkil olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Park Bulvar” AVM-də təşkil olunan sərgi-müsabiqə üç gün davam edəcək.
Tədbirin məqsədi əlilliyi olan şəxslərin istedad və qabiliyyətlərinin cəmiyyətə təqdim olunması, yaradıcılıq imkanlarının və cəmiyyətə inteqrasiyasının dəstəklənməsidir.
Sərgi-müsabiqədə Bakı və respublikamızın bölgələri üzrə 217 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşağın ümumilikdə 1346 əl işi təqdim edilir. Əl işlərinə rəsm əsərləri, keramika, dulusçuluq, xalça və xalçaçılıq məmulatları, bədii tikmələr, toxuma və hörmələr, suvenirlər, oyuncaqlar, məişətdə işlədilən əşyalar və alətlər, müxtəlif modellər və maketlər, ağac, metal və daş üzərində işlər, musiqi alətləri və s. sənət nümunələri daxildir.
Sərgidə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların əl işlərinin satışına da şərait yaradılacaq ki, bu da onların yaradıcı əməyinin stimullaşdırılması məqsədinə xidmət edir.
Təqdim edilən yaradıcılıq nümunələri münsiflər heyəti tərəfindən əlilliyi olan şəxslərin yaş qrupları da nəzərə alınmaqla 11 nominasiya üzrə qiymətləndiriləcək. Müvafiq nominasiyalar üzrə yer tutan müəlliflərə diplom və mükafatlar, həmçinin sərgi-müsabiqənin digər iştirakçılarına həvəsləndirici mükafatlar və təşəkkürnamələr təqdim olunacaq.