CƏMİYYƏT


Əlilliyi olan şəxslərin əl işlərindən ibarət “Şuşa İli, Şuşa Zəfəri” adlı sərgi təşkil olunub

Bakı, 6 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində “Şuşa İli, Şuşa Zəfəri” adlı sərgi təşkil olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sərgidə Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələrinin əl işləri təqdim olunur.

1 saylı Gəncə regional ASAN xidmət mərkəzində təşkil olunan sərginin məqsədi əlilliyi olan şəxslərin sosial reabilitasiyası, onların yaradıcılığının dəstəklənməsi və növbəti uğurlar üçün stimullaşdırılmasıdır.

Əlilliyi olan şəxslər sərgidə Peşə-əmək Reabilitasiyası Mərkəzində rəssamlıq, xalçaçılıq, toxuculuq, tikiş, ağac üzərində oyma kurslarında və dizayn dərnəyində öyrəndikləri peşələr üzrə hazırladıqları 1000-ə yaxın əl işini nümayiş etdirmək imkanı əldə ediblər.

Mərkəzin 21 yetirməsinin iştirak etdiyi sərgi iki gün davam edəcək və bu gündən 2 saylı Gəncə regional ASAN xidmət mərkəzində də təşkil olunacaq.

Sosial Xidmətlər Agentliyi tərəfindən son bir ildə əlilliyi olan şəxslərin əl işlərinin 10-dan çox sərgisi, həmçinin əlilliyi olan şəxslərin XI Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.