CƏMİYYƏT
Əlilliyi olan şəxslərin əməkhaqqından da icbari tibbi sığorta haqqı tutulacaq
Bakı, 14 fevral, AZƏRTAC
Əlilliyi olan şəxslərin əməkhaqqından icbari tibbi sığorta haqqı tutulacaqmı?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, əmək müqaviləsinə əsasən işləyən şəxslər tərəfindən icbari tibbi sığorta haqları 2020-ci il aprelin 1-dən aşağıdakı dərəcələrlə ödənilməlidir və hər hansı azadolma nəzərdə tutulmayıb. Belə ki, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.
Bundan başqa, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manatadək olan hissəsindən 1 faiz, 8000 manatdan yuxarı hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.
2021-ci ildən etibarən bu sektor üzrə işəgötürən və işçilərdən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən edilib.