CƏMİYYƏT


“Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək” layihəsi çərçivəsində görüş keçirilib

Bakı, 4 oktyabr, AZƏRTAC 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək” layihəsi çərçivəsində biznes strukturlarının nümayəndələri ilə görüş keçirilib. Layihə BP və onun tərəfdaşları tərəfindən maliyyələşdirilir və nazirliyin əməkdaşlığı ilə “British Council” tərəfindən icra olunur.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli ölkə iqtisadiyyatının dinamik inkişafının yeni iş yerlərinin açılmasının daimi xarakter almasına, əhalinin səmərəli məşğulluğunun təminatı istiqamətində dövlət siyasətinin güclənməsinə şərait yaratdığını bildirib.

Həssas əhali qruplarının məşğulluğunun təmin edilməsi istiqamətində atılan addımlardan danışan nazir müavini sosial iş yerlərinin və işsizlərin özünüməşğulluğunun təşkili zamanı əlillərə üstünlük verildiyini qeyd edib. M.Kərimli həm məşğulluq, həm də əlilliyi olan şəxslərlə bağlı mövcud qanunvericilikdə sosial cəhətdən həssas əhali qruplarının əmək bazarına inteqrasiyasının dəstəklənməsi kimi məsələlərin əks olunduğunu diqqətə çatdırıb. O bildirib ki, əlilliyi olan şəxslərin əmək bazarına cəlb edilməsi cəmiyyətin yetkinliyinin göstəricisi olmaqla yanaşı, iqtisadiyyatımız üçün dəyərli resursdur. Layihədə iştirak edən biznes nümayəndələri korporativ sosial məsuliyyət prinsipi konsepsiyasını daha da inkişaf etdirməklə həssas əhali qruplarının nümayəndələrini öz sıralarında artıra və digər şirkətlərə nümunə ola bilərlər.

BP Azərbaycan şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək” layihəsinin cəmiyyətin ən həssas təbəqəsini əhatə etdiyini diqqətə çatdırıb. O bildirib ki, məqsəd həmin şəxslər üçün məşğulluq imkanlarının artırılmasıdır. B.Aslanbəyli layihənin Azərbaycanda əlillərin iqtisadi baxımdan cəmiyyətə tam inteqrasiyası üçün tendensiya yaratmaq potensialı olduğunu vurğulayıb. O, layihənin tərəfdaşlar üçün əhəmiyyətli olduğunu qeyd edib.

“British Council”in ölkə üzrə direktoru Samr Şah bildirib ki, layihənin əsas məqsədi əlilliyi olan şəxslərin bacarıqlarını artıraraq onların məşğulluq imkanlarını genişləndirməkdir. Bu məqsədə nail olmaq üçün layihə çərçivəsində sosial bacarıqlar, kompüter və ingilis dili üzrə təlimlər həyata keçirilir. Layihədə 81 nəfər əlilliyi olan şəxs iştirak edir.

Əlilliyi olan şəxslərin işə götürülməsi ilə bağlı məlumatlılığın artırılması və iştirakçılar üçün iş və ya iş üzrə təcrübə imkanlarının axtarılması məqsədilə təsis edilmiş işəgötürənlərdən ibarət İcraiyyə Komitəsinin üzvləri təkliflərini irəli sürüblər. Qanunvericiliklə bağlı məlumatlılığın artırılması, kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə əlilliyi olan şəxslərin “uğur hekayələri”nin təbliği, həssas əhali qruplarına mövcud tələblərə uyğun peşə hazırlığının gücləndirilməsi və s. imkanlardan istifadə etməklə layihənin əhatə dairəsini genişləndirmək qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.