CƏMİYYƏT


Əlilliyi olan şəxslərlə əlaqədar həyata keçirilən tədbirlərdə onların tibbi-sosial reabilitasiyası və sosiallaşması əsas məqsəd olub

Bakı, 17 aprel, AZƏRTAC

Əhalinin xüsusi qayğıya ehtiyacı olan şəxslərinin asudə vaxtının təşkili və onların cəmiyyətə inteqrasiya olunması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Həmin kateqoriyadan olanların sosial reabilitasiyasını təşkil etmək, onların cəmiyyətə və cəmiyyətin onlara münasibətini düzgün istiqamətləndirmək, sosial inteqrasiyasını formalaşdırmaq və asudə vaxtını səmərəli təşkil etmək məqsədilə bu il ərzində gənclər rəssamlıq, xalçaçılıq, toxuculuq, tikiş, ağac üzərində oyma kursları və dizayn dərnəklərinə cəlb olunublar, həmçinin onların əl işləri ilə bağlı sərgilər həyata keçirilib. Bununla yanaşı, əlilliyi olan şəxslərin asudə vaxtlarını səmərəli və məzmunlu təşkil etməklə bağlı təşəbbüslər dəstəklənib, onların sağlam həyat tərzi yaşamasına şərait yaradılması məqsədilə kompleks tədbirlər görülüb.

AZƏRTAC xəbər verir ki, bunu Xüsusi Qayğıya Ehtiyacı Olan İnsanlar üçün 3-cü “Fərqli Fərdlər” Konqresində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi İdarə Heyətinin sədri Vüqar Behbudov deyib.

Onun dediyinə görə, sağlamlıq imkanları məhdud və autizm sindromlu uşaqların sosial-psixoloji reabilitasiyası üçün inklüziv idman tədbirləri təşkil edilib və o tədbirlərdə həmin kateqoriyadan olan uşaqların tibbi-sosial reabilitasiyası, sosiallaşması əsas məqsəd olub: “Layihə çərçivəsində müəyyən olunmuş məqsədə çatmaq üçün autizmli uşaqlar arasında idman sahəsinə maraq göstərənlər müəyyənləşdirilib və bu əsasda layihənin hədəf qrupları formalaşıb. Autizmli uşaqların tibbi-sosial reabilitasiyası, sosiallaşması üçün inklüziv idman tədbirlərinin təşkilinə dair vahid strategiya hazırlanıb, velosiped və s. idman növləri üzrə məşqlər və yarışlar keçirilib. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına kömək etmək, onların fiziki və əqli potensialını üzə çıxarılması məqsədilə məlumat və maarifləndirici xarakterli verilişlər, reportajlar və təbliğat xarakterli videotəqdimatlar hazırlanıb”.

“Azərbaycanda əlil idman növlərinin mövqeyinin möhkəmləndirilməsi sahəsində bir sıra tədbirlər görülüb. Əlilliyi olan şəxslər arasında idman tədbirlərinin keçirilməsi, onların yarışlarda iştirakına şərait yaradılması, eləcə də sağlamlıq imkanları məhdud uşaqlar bədən tərbiyəsi və idman vasitəsilə fiziki və mənəvi reabilitasiyaya cəlb olunublar”, -deyə V. Behdudov bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.